“250 manatımı alıb, diaqnoz qoya bilmədilər, həkim axırda gizləndi"- Mərkəzi Gömrük Hospitaldan ŞİKAYƏT

  • 2020.03.04 18:13
  • 16993 Baxış
“250 manatımı alıb, diaqnoz qoya bilmədilər, həkim axırda gizləndi"-  Mərkəzi Gömrük Hospitaldan ŞİKAYƏT

“Gecə 250 manatlıq müayinə etdirib, diaqnoz qoya bilmədilər, ağrılar içində evə yolladılar”


Ölkənin tanınmış, müasir klinikalarından olan Mərkəzi Gömrük Hospitalın təcili yardım xidmətində dünən S. Süleymanova adlı xanımın başına maraqlı hadisə gəlib və pasiyent ona göstərilən tibbi xidmətdən şikayətçidir.
Medicina.az şikayətçinin başına gələnlər barədə məlumatını təqdim edir.

“Semaşko” dedi appendisitdir,
Mərkəzi Gömrük dedi əməliyyat lazım deyil!

“Gecə qarnımda dəhşətli ağrılar başladı. Əvvəlcə “Semaşko”ya getdik, orda növbədə olan həkim əli ilə yoxlayıb bildirdi ki, kəskin appendisitdir, əməliyyat olmalısan. Oranın şəraitini bildiyimizdən, açığı ürəyimdə də şübhə qaldığından, özəl xəstəxanaya, Mərkəzi Gömrük hospitalına getdik. Düşündüm, appendisit də olsa, burda əməliyyat olum. “Semaşko”da mənə heç bir iynə vurulmadı. Kaş ki, bu hospitala getməz olaydım. Mənim gözlədiyim nə idi, gördüyüm nə oldu”.
Şikayətçi qeyd edir ki, qeydiyyata yaxınlaşıb ağrısını olduğunu bildirdikdə, əməkdaş təcili yardım xidməti və gecə növbədə həkim olduğunu deyib, xəstə də buna sevinib. Sonra isə xəstənin müayinələri başlayıb.

“Təcili yardımın həkimi məni qəbul etdi, analizlər verdirdi. Dedi appendisit olub-olmamasını təyin edəcəyik. Sonra UZİ yox idi, dedilər abdominal KT olunmalısız. Nə dedilər hər bir şeyə razılaşdıq. KT–dən keçdim. Qəbzdə göstəridim ki, hər bir müayinənin pulunu da ödədik.



Həkim analizə, KT-ə baxıb dedi ki, appendisit deyil. “Bəs ağrının səbəbi nədir, ölürəm axı” dedikdə, başını buladı.
Bizə dedilər indi həkim yoxdur, diaqnoz qoysun, gedin səhər gələrsiz, cərrah baxar. Qeydiyyat şöbəsində isə həkimi əlavə ödənişlə çağıra biləcəklərini dedilər, ona da razı olduq. Dedik çağırın, təki ağrımın səbəbi tapılsın. Bəlkə elə içəridə nəsə partlayıb, nəsə ciddi əməliyyatlıq problem var?


Getdilər nəsə danışdılar, danışmadılar, yenə təcili yardımın həkimi gəldi ki, mən telefonla həkimlə danışdım, analiz, KT nəticələrini şifahi dedim, o dedi ki, indi əməliyyata gərək yoxdur, xəstə getsin, səhər gələr.

Dedim, siz nə yardım edəcəkdiz bəs? Bura niyə gəlmişəm? Mənə ancaq ağrıkəsici vurdular. 10 dəqiqə keçdi, ağrı kəsmədi. Həkimə nə deyirdik, “mmm, şeydi, elə bil…” deyə -deyə dodağının altında mızıldanıb, axırda da qaçıb gizləndi.

Mənə ağrının səbəbini bilmək lazım idi, onu da demədilər. Ağrıkəsici, dimedrolu elə evə gələn təcili yardım da vurur, heç 250 manat xərcim də çıxmazdı."


Pasiyent xanım özəl və hər şəraiti olan klinikada həkim tapmayacağını ağlına gətirmədiyini bildirib:

“2 saat boşuna vaxtımızı aldılar, gördük ki, heç ortada təcili yardım həkimi də görünmür, ağrıdan ikiqat vəziyyətdə çıxdıq. Orda kameralara da düşüb, mənim ordan nə vəziyyətdə getməyim. Evə gedəndə aptekdən ağrıkəsici, dərman alıb getmişəm. Ağrımla baş-başa qalacağamsa niyə bu klinikalar xəstələri “biz sizə xidmət edirik” deyə cəlb edir?

“Semaşko”nun da diaqnozu düz çıxmadı, yaxşı bəs siz nə diaqnoz qoyduz?. Məgər həkim xəstəni ağrı ilə qəbul edib, ağrı və qorxu ilə yola salmalıdır?

KT müayinənin cavabını istəyirik, onu da vermədilər ki, gecə növbəsi işçi yaza bilmir, sabah verərik. Gülməlidir. 90 manata cərrah gətirirlər, dedik gətirin. İnsanlar xəstəxanaya gedir ki, həkim tapsın, dərman tapsın, daha 200-300 manatı bir saata xərcləyib, əliboş evə getməyə yox.

Həkiminiz, cərrahınız yoxdursa, niyə cərrahi şübhəli xəstəni qəbul edirsiz?

Təcili yardım həkimi diaqnoz qoya bilməz, əməliyyat edə bilməz səbəbini gətirirlər. Onda o həkimi niyə qoymusuz ora. Elə xəstəni analizlərə göndərməyə? Nə çətin işdir ki, bu? Hansı ilkin tibbi yardımı göstərdiz mənə? 2 manatlıq iynəni 8 manata vurub yola saldız. Bu klinikada mənim necə əsəbimi pozdularsa, həmin gün heç başqa həkimə də getmədim, inam qalmayıb artıq. Niyə insanları həkimdən, səhiyyəmizdən iyrəndirirsiz? Analgin, no-şpa vurmaq üçün o boyda hospital təcili yardım saxlayırsa, saxlamasın”.


Qeyd edək ki, klinikanın menecerlərindən biri şikayətə açıqlamasında xəstənin şikayətlərinə uyğun analiz və KT edildyini, təcili yardıma uyğun xidmət olunduğunu, əməliyyatlıq təcili bir səbəb olmadığını, appendisitin inkar edildiyini, ağrıkəsici ilə kifayətlənməli olduqlarını bildirsə də, şikayətçi bu açıqlama və izahla razılaşmayıb və evə ağrılar içində göndərildiyini düzgün hesab etmir.

Xəstəxananın sözçüsü “Gərək “Semaşko”dakılar kimi əl ilə yoxlayıb, appendisit əməliyyatı edib, pulunuzu alardıq ki, razı qalardız” replikasını da əlavə edib.

Şikayəti diqqətdə saxlayacağıq.
Medicina.az