Bakıda həkim reanimatoloq özü kovid olsa da, ağır korona xəstəsini xilas etdi – Pasiyent hekayəsi

  • 2021.09.17 17:21
  • 9571 Baxış
Bakıda həkim reanimatoloq özü kovid olsa da, ağır korona xəstəsini xilas etdi  – Pasiyent hekayəsi


Çox vaxt deyirlər ki, modul xəstəxanalarına evdə ağırlaşan xəstələr gətirilir, ona görə ölənlər çoxdur. Amma təcrübələr göstərir ki, evlərdə ağırlaşan xəstələr vaxtında düzgün təxirəsalınmaz tibbi yardım almadığı üçün vəfat edir.

Onları ağırlaşdıran isə kor-koranə ucdantutma təyin olunan ağır dərmanlardır. Amma digər tərəfdən kovidin müalicəsi də ağırdır və o dərmanlar lazımdırsa vurulmalıdır. Evdə müalicə istənilən xəstə üçün təhlükəlidir, amma xəstəxanalara da ilk başda heç kimi götürüb müalicə etmirlər.


Həqiqətən də koviddən çox onun müalicəsinin ağırlığı, dərmanların təsiri, toksikliyi xüsusən yaşlı xəstələri ölümlə üz-üzə qoyur.

Bakıda evdə ağırlaşan xəstəni bir həkimin telefonla müdaxiləsi xilas edib. Bu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədovdur. O, həmin ərəfədə özü də kovid olduğundan evdə mülaicə alırdı.



Son anda ölümdən xilas edilən pasiyentin qızı Aytən Məmmədova medicina.az-a anasının möcüzəvi xilaskarından danışıb:

“Anam 15 gün idi kovid xəstəsi idi. Həm yaşlı, həm təzyiq, şəkər xəstəsi olduğundan ciddi müalicə gedirdi. Lakin 5 günlük antibiotik infuziyası işə yaramadı. Xəstəliyin 10-cu günü saturasiya 93-ə düşürdü. Onun sitoken fırtınasına düşə biləcəyindən qorxub, təcili infeksionistə apardım və o ikinci müalicəni təyin etdi. Müalicədə daha ağır dərmanlar və deksametazon var idi.

Evə qayıdıb bu müalicəyə başlayıb-başlamayacağımı götür-qoy edirdim, tərəddüd edirdim. Çünki çox ağır dərmanlar yazılmışdı, özü də bahalı.

Bu vaxt həkim Şahin Məmmədovu xatırladım. O, uzun müddət idi kovidlə bağlı maarifləndirici yazılar yazırdı, qiyabi də olsa tanışlığımız var idi, həm də kovid xəstəxanasında reanimatoloq kimi çalışmışdı.

Şahin doktor müraciətimi cavabsız qoymadı, Remdesivirə gərək olmadığını bildirib, müalicəyə korrektələr etdi. Ondan sonra hər gün xəstənin vəziyyətini soruşurdu. Baxmayaraq ki, özü də kovidə yoluxmuşdu.

Anama 5 gün Sulsef adlı antibiotiki gündə 2 dəfə təyin etmişdilər. Ardıyca deksametazon sistem də vurulurdu. Antibiotikə qarşı sınaq qoyulanda heç bir problem olmasa da, 4-cü gün səhər Sulsef köçürülməsindən sonra anamın belindən, ürəyindən dəhşətli ağrılar tutdu, elə bir şok vəziyyəti idi ki, nə baş verdiyini anlamadıq.

Təcili tibbi yardım çağırdıq, xəstənin ürək ritmi pozulmuş, bədəni su itirir, huşu aydın deyildi. Təcili yardım həkimi ürəyi yoxlayıb, xəstədə dərmandan toksiki reaksiya getdiyini bildirsə də, əlavə heç bir yardım etmədi. Sadəcə iynə vurdu. Həmin vaxt xəstəxanalarda yer olmadığından çıxıb getdi. Modullarda yer tapmağımızı məsləhət gördü.

2 saat sonra anamın vəziyyəti yenidən pisləşdi. Təzyiqi düşürdü. Şahin Məmmədova zəng edib baş verənləri danışıb, kömək istədim. Anamın iynədən sonra fotolarını göndərdim.

O, təcili Ringer və maye sistem köçürülməsini, eləcə də bəzi iynələr vurulmasını tapşırdı. Yaxşı ki, anama sistem köçürən tibb bacısı Könül xanım işində peşəkar idi, modul xəstəxanasında çalışırdı. Onu evə çağıra bildik və o, həkimin dediklərini diqqətlə icra edib, xəstənin başı üzərindən ayrılmadı.

3 saat ərzində xəstəyə bol sistem maye köçürüb, allergiya və toksiki reaksiya əleyhinə dərmanlar vurduq. Ən sonda dözməyərək hətta Adrenalin belə tətbiq etdik. Bir sözlə, Şahin doktor nəyi lazım bildisə, etdik.

Şahin həkim tibb bacısına göstərişlər verməklə və xəstənin təzyiqi, nəbzi, saturasiyası barədə vəziyyəti hər dəqiqə öyrənərək, sanki xəstənin yanındaymış kimi davrandı.


Xəstənin təzyiqi düzəlirdi, ürəyi sakitləşirdi. Lakin saturasiyası 91-92 idi. Belə vəziyyətdə evdə nəzarət mümkün olmayacaqdı. Reaksiya öz işini görmüşdü. Hər an hər şey ola bilərdi. Ona görə Şahin doktor onu xəstəxanaya aparmağı tövsiyə etdi.

4 saat ərzində təcili yardım gözlədik və nəhayət xəstəni hospitəlizə etdilər. Anam yeni açılmış Məhəmmədi Modul xəstəxanasına aparıldı və palata şəraitində müalicə aldı. Əslində, o kovidi çoxdan atlatmışdı, ağciyərlərində problem qalmamışdı. Sadəcə qanı, bədəni dərmanın toksiki təsirindən təmizləmək və ürəyini nəzarətdə saxlamaq lazım idi. Moduldakı həkimlər də bunu təsdiq etdi. Xəstənin heç oksigen maskaısna belə ehtiyacı olmadı, özü nəfəs alırdı.

Anamın vəziyyəti pisləşən gün mənə elə gəldi ki, göydə Allah özü Şahin doktoru bizə yardım etməsi üçün göndərdi. Sanki bir əl, bir səs bizi yönəldirdi.
Belə səhnələri adətən filmlərdə görürük, həkim telefonla xəstəyə ilk yardımını edə bilir. Hətta onlayn doğuşda da iştirak edirlər. İtirilən hər saat xəstənin əleyhinədir. İflic olmuş səhiyyə sistemində isə xəstənin başı üstündə Allahdan və doğmalarından başqa kimsə olmur çox vaxt.

Düşünürəm ki, həkim harda olursa olsun, bacardığı qədər xəstəyə yardım etmək onun missiyası olmalıdır.

O da digər zəng etdiyim həkimlər kimi, “xəstəni görmürəm, bilmirəm, mənlik deyil deyib, ağırdır” deyib yaxasını kənara çəkə bilərdi. Amma bunu həkimlik andına sığışdırmadı. Savadlı, bilikli həkim hətta xəstəni görməsə belə vəziyyəti dəyərləndirə bilər.



Şahin Məmmədov bu ölkədə bəlkə də telefonla təxirəsalınmaz yardım tədbirləri görərək, xəstəni xilas edən nadir həkimlərdəndir. Əsas odur o, bunu bacardı.Əgər bu müdaxilə olmasaydı, təcili yardım gözləyən xəstə həyatını itirə bilərdi.

Anamı ölüm-dirim savaşında tək qoymadığı üçün, Allahın göndərdiyi xilaskar həkim Şahin Məmmədova minnətdarıq”.

Medicina.az