Dövlət qeydiyyatından keçməyən dərman Bakıda apteklərdə necə satılır? - Ucuz dərmanların bahalı analoqları

  • 2020.02.08 18:19
  • 6164 Baxış
Dövlət qeydiyyatından keçməyən dərman Bakıda apteklərdə necə satılır?  - Ucuz dərmanların bahalı analoqları

Bakıda fəaliyyət göstərən apteklərdə 20 manat qiyməti olan dərmanın 60 manata satılması iddia olunur.

Medicina.az xəbər verir ki, bu barədə bir vətəndaş oxu.az-a şikayət bildirib.

Şikayətçinin sözlərinə görə, aptekdə satılan “Ventolin Nebules” dərmanının bir qutusu əvvəllər 20 manata satılırdısa, indi üç dəfə baha qiymətə təklif olunur:

“Nizami” metrostansiyasının yaxınlığındakı aptekdə bildirdilər ki, bu dərmanın qutusu 60 manat, bir dənəsi isə üç manatdır. Heç bir yerdə tapa bilməyəcəksiniz. Azərbaycana bu dərman az gətirilir. Həkim məsləhəti ilə mütəmadi olaraq uşağa verdiyimizə görə, həmişə qutu ilə almışıq. Əvəzedicisi sayılan - “Nebutamol” nisbətən ucuz olsa da, onun 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu deyilir. Digər əvəzedicisi sayılan - “Salipra” dərmanını isə həkim məsləhət görsə də, həmin aptekdə bildirildi ki, bu dərmanı üç yaşdan az olan uşağa vermək olmaz”.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Əkbərova cavab olaraq bildirib ki, “Ventolin Nebules” adlı dərman Dövlət Reyestrində qeydiyyatdan keçməyib:

“Sorğuda qeyd olunan “Nebutamol” adlı dərman vasitəsi isə dövlət qeydiyyatından keçib. “Nebutamol” və “Ventolin Nebules” dərmanları təsiredici maddəsi və dozası ilə eynidir. Hər iki preparatın təsiredici maddəsi Salbutamol maddəsidir (2-2,5 mg/ml). İstifadə təlimatında yaş həddi dörd yaşdan yuxarı göstərilir”.

““Salipra” adlı dərman vasitəsinin tərkibində “Ventolin Nebules” və “Nebutamol” dərman vasitələrindən fərqli olaraq, yalnız Salbutomol maddəsi yox, həmçinin İpratropium maddəsi də var. Uşaqlarla bağlı kliniki sınaq məlumatlarının az olması səbəbindən onların istifadə etməsi məsləhət görülmür. İstifadə təlimatında yaş həddi 12 yaşdan yuxarı göstərilir. Bütün hallarda dərman vasitəsi həkimin təyinatı ilə qəbul olunmalıdır”, - deyə E.Əkbərova qeyd edib.