Hemorragik insult barədə hər şey –Niyə baş verir, əlamətlər və müalicə

  • 2019.12.20 18:32
  • 6657 Baxış
Hemorragik insult barədə hər şey – Niyə baş verir, əlamətlər və müalicə


Hər il Azərbaycanda minlərlə insan hemorragik insult olaraq xəstəxanaya düşür və ya həyatını itirir.
Təəssüf ki, bu insultu keçirən hər 10 nəfərdən yalnız 2-ni sonradan həyata tam bərpa etmək olur.

Medicina.az hemorragik insult barədə əsas bilməli olduğunuz məlumatları təqdim edir. Bu xəstəliyin ilkin əlamətlərini bilib vaxtında həkimə müraciət etmək və müdaxilə həyat qurtara bilər.

İnsult nədir? – İnsult beynin qan dövranının pozulması ilə baş verən damar kollapsıdır.

Nəticə birdir. Hansısa damar ya tutulur, ya partlayır və beynin müəyyən hissəsində toxumalar qansız qalır. Oksigen blok olur, hüceyrələr oksigensizlikdən ölür.

İnsult yüksək təzyiq, şəkərli diabet, beyin qan dövranı pozulmuş insanlarda arteriyanın divarının cırılması ilə baş verir. Damar yırtılan insult növü məhz hemorragik adlanır. O, işemik insulta nisbətən az rast gəlinir və ondan daha çox ölümcüldür.

Bir fərqi də odur ki, işemik insult xəstəni səhər və ya axşam yuxuda yaxalayır, hemorragik isə günün istənilən saatı, daha çox fiziki və emosional gərginlik zamanı baş verir.

Daha çox payız və qış fəsil dəyişim vaxtlarında baş verir. Buna səbəb xəstələrdə havaya uyğun təzyiqin dəyişməsi, rütubət, soyuq havada damarların sıxılmasıdır.

Simptomları:

Zərbə anı bədənin bir tərəfi hərəkət aktivliyini itirir, əl-ayağı idarə edə bilmirsiz.
Çox zaman xəstəni əvvəlcə sərxoş bilib çox içdiyini güman edirlər, çünki yerində səndirləyir.

Nitq dəyişir, cümləni normal deyə bilmir, kordinasiya pozulur.

Xəstə hərəkət edə bilir, amma bu stabil deyil və xəstə özündə nə baş verdiyini anlamır.

Daha sonra üzün bir tərəfi əyilir, assimetriya baş verir, üz əzələsi birtərəfli boşalır, ağız bir kənara dartılır.
Beyinə qansızmanın dərəcəsindən asılı olaraq gözlərdə ikiləşmə, bərəlmə, qusma, udmada çətinlik, sayıqlama, bayılma, huşun pozulması baş verir.



Kimlər risk altındadır.

  • Birinci qrup yüksək təzyiq xəstələridir.
Bu o demək deyil ki, hemorragik insult üçün təzyiq 200-ə çatmalıdır. Elə xəstələr var ki, emosional gərginlik anında təzyiqi bir balaca normadan yüksələ və bu zaman insult baş verə bilər.

  • Digər qrup: çox siqaret çəkənlər, şəkərli diabet xəstələri, içki içənlər, beyin qan dövranı pozulmuş insanlar, ateroskleroz xəstələri, beyində anevrizması olanlar, artıq çəkisi olanlardır.
İnsultdan sonra bərpa:

İnsultun izlərinin nə qədər dərin olması insultdan sonrakı ilk 3 saatda olan təcili yardım və həmin qanayan damarın ilk 3 saat ərzində uyğun xəstəxanada radioloqlar tərəfindən bağlanmasından asılıdır.

Daha sonra xəstədə su, elektrolit balansı bərpa edilməli, fiziki və psixoloji reabilitasiya tez başlanmalıdır.
Daha çox dayaq-hərəkət aparatının bərpası, xəstənin qolunun, əlinin, ayağının işləməsinə çalışmaq çox zəhmət və vaxt tələb edir.

Xəstənin özü və ailəsinin də istək, iradəsindən çox şey asılıdır.

İnsultdan sonra xəstə evə qapadılmamalı, maksimum reabilitasiya mərkəzlərinə aparılıb, peşəkar mütəxəsislər tərəfindən prosedurlar keçməlidir. Bura masaj, idman, elektrostimulyasiya, fizioterapiya, iynəbatırma, oksigen terapiya, loqoped, psixoloq seansları aiddir.