Nə zaman sevişmək olmaz?

  • 08 Noyabr, 2018
  • 30637 Baxış
Nə zaman sevişmək olmaz?
Cinsi həyatın hər iki partnyora müsbət təsiri tibbi tərəfdən təsdiqlənib.Belə ki, seks ürək əzələsini gücləndirir, qan dövranını yaxşılaşdırır, immuniteti gücləndirir. Bundan əlavə, yaxşı cinsi münasibətlər hər iki tərəfin münasibətində, psixoemosional vəziyyətində mühüm rol oynayır. Mütəmadi cinsi əlaqə zamanı daxili orqanların işi normaya düşür, iltihabi prosesslər azalır. Amma bəzi hallar var ki, sevişməkdən imtina etmək vacibdir. 

Medicina.az oxucularına hansı hallarda cinsi əlaqədən imtina etməyin vacibliyini açıqlayır:

Ginekoloji analiz verməzdən əvvəl heç olmasa 2-3 gün müddətinə intim münasibətdən qaçmaq məsləhətdir. Bunun səbəbi isə spermatozoidin uşaqlıq yolunun turşuluğunu dəyişməsidir ki, bu da bakteriya və virusların artması üçün şərait yaradır.

Cinsi orqanlarda aparılan hər hansı bir əməliyyat sonrası da cinsi aktivlik yolverilməz hesab olunur. Belə olan halda 2-3 həftə cinsi aktdan imtina etmək məsləhətdir. 

Riskli hamiləlik zamanı da cinsi əlaqə yolverilməzdir. Bu zaman qanaxma, düşük və vaxtından əvvəl doğuş təhlükəsi olduğu üçün cinsi yaxınlıqdan imtina etmək məsləhətdir. 

Cinsi yolla ötürülən infeksiyalar zamanı müalicə tam bitənədək gözləmək lazımdır. Müalicənin sonunda analiz verərək infeksiyanın tam təmizləndiyinə əmin olmadan cinsi əlaqə yolverilməzdir.

Mütəxəssislər kritik günlərdə də seksdən uzaq durmağı məsləhət görürlər. Belə ki, bu dövrdə uşaqlığa bir sıra infeksiyaların düşməsi riski çox yüksəkdir. 

Uşaqlıqdaxili spital qoydurduqdan və ya çıxartdıqdan sonra 3-5 gün  müddətində cinsi əlaqə qadağandır. 

Partnyorun cinsi orqanında səpkilər, yaralar gördükdə o zaman seksdən imtina ən ağıllı seçim olardı. Partnyorun isə təcili olaraq mütəxəssisə müraciət edib müalicə olunması məsləhətdir. 

Sadalanan hallarda sağlamlığınızı ehtirasınızdan üstün tutmağınız yalnız sizin xeyirinizə olacaq. Buna görə də hisslərinizin deyil, ağlınızın səsinə qulaq asın.