"Koronavirusun yayılması ordumuza da zərbədir" - İnfeksionist

  • 2020.10.17 09:18
  • 3160 Baxış
"Koronavirusun yayılması ordumuza da zərbədir" -   İnfeksionist

"Koronavirusa yoluxma artan templə davam etsə, daha sərt tədbirlərin görülməsinin tərəfdarıyam”.

Bunu Qaynarinfo-ya açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.

TƏBİB rəsmisi bildirib ki, virusun daha geniş yayılmaması üçün aidiyyatı qurumlar lazımi addımlar atmalıdır:

"İnfeksiyanın artıma doğru gedən bir dönəmindəyik. Təbii ki, dövlət də buna qarşı tədbirlər görməlidir. Azərbaycan çox çətin günlərini yaşayır. Bir yandan haqq, torpaqlarımızın qaytarılması uğrunda savaş, bir yandan da dünyanın üzləşdiyi pandemiya... Azərbaycan da bu savaşdadır. Belə bir dönəmdə səhv edə bilmərik. Koronavirusun yayılması bizim ön cəbhədə ordumuza da zərbədir. Əsgər və zabitlərə də yoluxa bilər”.

TƏBİB rəsmisi qeyd edib ki, infeksiyanın yayılması nəticə etibari ilə apardığımız savaşa xələl gətirə bilər:

"Koronavirusa qarşı ciddi tədbirlər görülməlidir. İlk növbədə isə insanların fərdi məsuliyyəti olmalıdır. Ancaq belə bir dönəmdə insanların fərdi məsuliyyətinə güvənə bilmərik. Daha da sərt və ciddi tədbirlər görülməlidir. Bu baxımdan ilkin addım kimi məktəblərin və metronun bağlanmasını alqışlayıram. Təbii ki, koronavirus infeksiyası artmağa doğru gedərsə o zaman daha sərt tədbirlərin görülməsinin tərəfdarıyam”.