Koronovirusla bağlı son vəziyyət: Operativ qərargah brifinq keçirir - YENİLƏNDİ - 4

  • 2020.03.05 12:39
  • 3596 Baxış
Koronovirusla bağlı son vəziyyət:  Operativ qərargah brifinq keçirir - YENİLƏNDİ - 4
"Koronavirusla bağlı ölkədə ölüm faktı olsa, ictimaiyyət dərhal məlumatlandırılacaq. Hazırda ölkədə cəmi 3 koronavirusa yoluxan şəxs var və onların da vəziyyəti stabildir".

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

O, vətəndaşlara müraciət edərək qeyd edib ki, ancaq rəsmi məlumatlara istinad edilsin.

***

"Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb:

"Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir:

"Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".

***

“Hazırda Azərbaycanda koronavirusa yoluxan 3 şəxs var. Onların vəziyyəti tam stabildir”.

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, həmin şəxslərin vəziyyətində ağırlaşma yoxdur, amma həkim nəzarətindədirlər.

***

Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla (COVID-19) bağlı KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

Medicina.az-ın məlumatına görə, konfransda qərargah üzvləri - respublikanın baş infeksionisti Cəlal İsayev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev iştirak edir.