5 gün gizli dövrdən sonra biruzə verir. Yatan infeksiya nədir?

  • 2019.05.25 10:00
  • 10533 Baxış
5 gün gizli dövrdən sonra biruzə verir. Yatan infeksiya nədir?
Qızıl yel xəstəliyi dəridə olan cızıq, sıyrıq, bişməcə və digər zədələnmələr beta hemolitik streptokok infeksiyasının yoluxması nəticəsində yaranan və kəskin gedən, çox zaman residivləşən infeksion xəstəlikdir. 3-5 günlük gizli dövrdən sonra xəstəliyin kəskin, ani başlanğıcı olur və qısa zamanda ciddi narahatlıq yarada bilir. Medicina.az mövzu ilə bağlı məlumatı təqdim edir. Səbəbləri:
İnfeksiyanın mənbəyi streptokokk infeksiyalı xəstə və ya bakteriya gəzdiricisidir. Yoluxma mexanizmi hava-damcı və təmas yolu ilə yoluxmuş əşyalar vasitəsilə, xüsusilə dəri örtüyünün bütövlüyü pozulduqda baş verir.

 

 

Qızıl yel endogen və ekzogen yolla orqanizmə daxil olur. Endogen xarakterli qızıl yel orqanizmdə xroniki ocaqlar fonunda yaranır. Dərinin mikro travması və yara səthi törədicinin təmas yolu ilə keçməsinə şərait yaradır.

 

 
Əlamətləri: Xəstəliyin kəskin başlanğıcı baş ağrısı, üşütmə, hərarətin 38-40C-yə yüsəlməsi, zəiflik, ürəkbulanma, qusma ilə xarakterizə olunur. İntoksikasiya əlamətləri meydana çıxdıqdan sonra zədələnmiş nahiyənin dərisində eritema, ödem və kəskin ağrılar meydana çıxır. Eritemanın ölçüsü tez böyüyür, zədələnmış dəri sağlam dəriyə nisbətən hündür olur, nəticədə ocaqda oval və ya dairəvi formada və müxtəlif ölçüdə içi seroz maye ilə dolu suluqlar əmələ gəlir. Qızıl yelin orta davametmə müddəti müasir və adekvat müalicə fonunda 7-10 gün davam edir. Diaqnostikası: Diaqnozu xarakterik klinin şəklinə əsasən qoyulur. Müalicəsi:
Adətən, 8-14 günlük müalicə ilə tam sağalmaq mümkün olur. Müalicə zamanı antibiotiklər, yerli antiseptik məhlullardan və ya onların kremlərindən, vitamin və yerli fizioterapiya kimi bir sıra müalicə üsullarından istifadə olunur. Askorbin turşusu, B qrupu vitaminləri nikotin turşusunun təyini məqsədəuyğundur. Ağır hallarda damar cərrahı ilə birgə müalicə məqsədəuyğundur.

 

 
 Xəstəlik mövsümünə (əsasan yaz-yay aylarında) görə qayıdan xəstəliklərdən hesab olunur. Bəzən hətta ömür boyu orqanizmdən təmizlənməyə də bilir. Biz buna xəstəliyin kəskinləşmə dövrü deyirik. Bəzən xəstələrdə illərlə özünü büruzə vermir, bəzən ildə iki dəfə xəstəlik bədəndə yenidən oyanır. Orqanizmdən asılı olaraq elə hallarda olur ki, 3-5 ildən sonra yenidən özünü büruzə verir. Bu səbəbdən tibdə ona yatan infeksiya deyilir. Həkimlərin sözlərinə görə bu xəstəlik üçün elə bir xüsusi qida rasionu yoxdur. Lakin xəstənin orqanizmindən asılı olaraq qida rasionu təyin olunur. Bu xəstəlikdən  hələ tibbin inkişaf etmədiyi dövrlərdə ölüm faktları da qeydə alınıb. Onu da deyək ki, sağlamlığımızı qorumaq üçün gigiyena və vaxtlı-vaxtında həkim müayinəsindən keçmək mütləqdir.