Ukraynaya nəvələrini görməyə gedən qadın koronavirusa yoluxdu - AÇIQLAMA

  • 2020.04.24 21:45
  • 2864 Baxış
Ukraynaya nəvələrini görməyə gedən qadın koronavirusa yoluxdu  - AÇIQLAMA
Ukraynanın paytaxtı Kiyevə nəvələrinə baş çəkməyə gedən qadın koronavirusa yoluxub.

Bu barədə məlumatı “Medicina”ya açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov deyib.

Onun sözlərinə görə, xəstə hazırda reanimasiyadadır:

“1966-cı il təvəllüdlü Azərbaycan vətəndaşı olan xanım Kiyevdə koronavirusa yoluxub. Bu məlumatı alan kimi biz dərhal hərəkətə keçdik. Yaxın qohumları ilə əlaqə qurduq. Məlum oldu ki, Azərbaycandan iki ay əvvəl gəlib. Burda qızının övladlarına baxırmış. Maraqlıdər ki, bu müddət ərzində evdən çölə çıxmayıb. Görünür, ailədəki adamlardan yoluxub. 
Xəstə reanimasiyaya köçürülüb, müalicə aldığı xəstəxana ilə mütəmadi əlaqə saxlayırıq. Bundan başqa, Ukraynada yaşayan tanınmış azərbaycanlı həkimlər də bu məsələ ilə bağlı fəaliyyətdədirlər. Bununla əlaqədar olaraq çalışırıq ki, durumu nəzarətdə saxlayaq. Ümid edirik, xəstəmiz sağalacaq”.

Diaspor sədri Ukraynadakı azərbaycanlıların vəziyyəti, karantin dövründə onlar edilən yardımlar barədə də danışıb:

“Ukraynada Azərbaycana təxliyə edilmək üçün 500 nəfər soydaşımız konsulluqda qeydiyyatdan keçib.



İlkin olaraq 450 nəfər konsulluqda qeydiyyatdan keçmişdi: 80 nəfəri Lvovda, 70 nəfəri Xarkovda, qalanları isə Kiyevdə. Bizdə olan məlumata görə, qeydiyyata düşənlərin sayı daha 50 nəfər artıb. 1 aydan artıqdır ki, qərargahda soydaşlarımıza həm maddi kömək edirik, həm ərzaqla təmin edirik. Bundan başqa, xəstələri dərmanla təmin edir, onların müalicəsi üçün müəyyən addımlar atırıq. Təbii ki, 450-500 nəfərin hamısını evlə təmin edə bilməyimiz mümkün olmasa da, ehtiyacı olanlara və bizə müraciət edənlərin böyük əksəriyyətinə dəstək veririk. Qeyd edim ki, Ukrayna Azərbaycanlıları Radasının Kiyevdəki mərkəzi qərargahında 231 nəfərə ərzaq yardımı göstərilmişdir. Bundan başqa operativ qərargahdan Kiyevdə 139 nəfər, Lvovda 68 nəfər (35-i müxtəlif xəstəliklərdən müalicə alır), Xarkovda isə 44 nəfər maddi yardım alıb.

Əsas uşaqlılar, ailəlilər, yaşlı nəsil, müxtəlif xəstəliklərdən müalicə üçün Ukraynaya gələnlər və qız tələbələrdir”.



Ukrayna Azərbaycanlıları Radasıbında fəaliyyət göstərən operativ qərargaha rəhbərlik edən Hikmət Cavadov Diasporlarla İş üzrə Dövlət Komitəsinin ayırdığı maliyyə dəstəyindən başqa, Ukraynadakı azərbaycanlı iş adamlarının də dəstəyini vurğulayıb:

“Dünyadakı bütün ölkələrin pandemiyadan əziyyət çəkdiyi və çətin duruma düşdüyü kimi Ukraynada da vəziyyətin çox pis olduğu bir zamanda azərbaycanlı iş adamları ofisimizi ərzaqla təmin edirlər. Həmin ərzaqlar isə siyahı üzrə ehtiyacı olanlara paylanılır. Fürsətdən istifadə edərək Diasporlarla İş üzrə Dövlət Komitəsinə və xüsusilə buradakı iş adamlarına öz dərin minnətdarlığımızı bildirirəm”.



Bundan başqa, H.Cavadov azərbaycanlıların operativ qərargahına Ali Radanın Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasından seçilən 2 deputatı - Lyudmila Marçenko və Nataluxa Dmitriy də baş çəkdiyini vurğulayıb.