Yağışlı havalarda üzə çıxan revmatizm - Əlamətləri və müalicəsi

  • 13 Yan 2020 11:10
  • 4161 Baxış
Yağışlı havalarda üzə çıxan revmatizm -   Əlamətləri və müalicəsi
Revmatizm (kəskin oynaq revmatizmi)– streptokok infeksiyasının ağırlaşması olub, qızdırma, oynaq patologiyası və ürəyin revmatik zədələnməsi kimi proseslərlə xarakterizə olunur. Əsasən əhalinin cavan yaşlı hissəsində rast gəlinir. Hər il ABŞ-da
ürəyin revmatik zədələnməsi nəticəsində 50 000 insan dünyasını dəyişir.

Medicina.az xəbər verir ki, revmatizm adətən ilin soyuq vaxtlarında başlayır. Revmatizm epidemik xəstəlik olmasa da onun yaranmasına səbəb olan streptokok infeksiyası epidemiya xarakteri daşıya bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokok epidemiyalarından sonra birdən meydana çıxır.

Xəstələr revmatizmidən qabaq angina, skarlatina, orta qulağın kəskin iltihabı, qızıl yel kimi xəstəliklər keçirdiyini qeyd edir. İnfeksiyaya qarşı immunitet yaranmadığından təkrar infeksiyalaşma zamanı revmatizmin növbəti atakası baş verir.

Revmatizmin ilk mərhələsində oynaqlar ətraf toxumaların ödemləşməsi hesabına şişkinləşir. Növbəti mərhələlərdə isə oynaq boşluğuna süzülən mayenin miqdarı artır. Revmokarditin ən qorxulu forması endokarditdir, çünki bu zaman klapanları zədələyən çapıq və deformasiyalar yaranır, klapanlar qısalır və ürək çatmamazlığı əlamətləri inkişaf edir.



Formaları:
Revmokardit (ürək forması) -revmatik poliartrit (oynaq forması) -revmatik xoreya (müqəddəs Vitt rəqsi) -revmatizmin dəri forması -revmatik plevrit

Simptomları:
Xəstəlik kəskin şəkildə, keçirilmiş streptokok infeksiyasından təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 40C-dək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxlamada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir.

Müalicəsi:
Revmatizm zamanı uzunmüddətli yataq rejimi mütləq göstərişdir. Ürəkdə aktiv revmatik proses olduqda fiziki yüklənmə daha çox zədələnməyə səbəb olur. Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə daha effektlidir.

Revmatizmdə xalq təbabəti

Yovşan islatması
Bir xörək qaşığı yovşan çiçəkləri termosa tökülür, üzərinə 300 ml qaynar su əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və zədələnmiş oynaqlara islatma edilir.

Yonca vannası
50 qr xırdalanmış çöl yoncasının otu bir litr qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra xəstə oynaqlara vanna edilir. Belə vannaları gecə yatmazdan qabaq qəbul etmək məsləhətdir. Müalicə müddəti 12-14 gündür.

Yasəmən cövhəri
Yarım litrlik bankaya ağzına qədər yasəmən çiçəkləri doldurulur, üzərinə 40%-li spirt əlavə olunur və 21 gün qaranlıq yerdə saxlanılır. Süzüldükdən sonra gündə 3 dəfə 30 damcıdan yeməkdən əvvəl daxilə qəbul olunur. Müalicə müdəti 3 aydır.

Kərəviz bişirməsi
100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azalda bilər.

Sarımsaq cövhəri
40 qr xırdalanmış sarımsağın üzərinə 100 ml 40%-li spirt əlavə olunur. Ağzıbağlanır və 7-10 sutka ərzində otaq temperaturunda qaranlıq yerdə saxlanır. Bu müddət ərzində arabir çalxalanır. Süzüldükdən sonra gündə 2-3 dəfə 10 damcıdan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.