4 yaşlı Səkinənin ölümünə görə bu həkimlər Avropa Məhkəməsinə verildi –“Nəvəmi öldürən qatillər cəzasını almalıdır”

  • 2019.06.27 16:27
  • 95755 Baxış
 4 yaşlı Səkinənin ölümünə görə bu həkimlər Avropa Məhkəməsinə verildi – “Nəvəmi öldürən qatillər cəzasını almalıdır”
"Bu ölkədə ədalətli məhkəmə sistemi olmadığından, mən artıq nəvəm Səkinaxanımın həkim səhlənkarlığından dünyasını dəyişməsi ilə bağlı ədalətli qərar üçün Avropa İnsan haqları məhkəməsinə şikayət etdim. Azərbaycanda məhkəmələr sifarişli qərarlar qəbul etdi. İnsanlara zülüm edirlər. Mən nəvəmin qatillərinə cəza verilməyənə kimi rahat olmayacam”


Medicina.az xəbər verir ki, bu sözləri 4 yaşlı nəvəsinin ölümündə həkimləri günahlandıran Elman Əliyev bildirib.


"Mənim nəvəm Novruzova Səkinə Samir qızı Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının həkimi Samirə Orucova və Mərkəzi klinikanın pediatrı Sevinc Abdullayevanın yanlış diaqnoz və müalicələri nəticəsində qısa müddətdə həyatını itirib”


Bir müddət sonra nəvəsinin vəziyyətinin ağırlaşdığını görən baba 2015-ci ilin iyulunda nəvəsini Tehrana, daha sonra Moskvaya aparıb. Morozovski Uşaq Kliniki Xəstəxanasında körpəyə dəqiq diaqnoz qoyulub. "Məlum olub ki, bizim həkimlərin qoyduğu bütün diaqnozlar səhv olub, uşaq onkoloji xəstə imiş.

Halbuki Bakıda 5 dəfə USM olunmuşdu. İcazəmizlə uşağı yardılar və məlum oldu ki, xəstəlik 4-cü mərhələdədir. Artıq gec idi. Həkimlər dedi ki, şiş çox qısa müddətdə - 2 ay ərzində böyüyüb. İlkin müayinə zamanı xəstəlik aşkar olunsaydı, körpənin sağalma şansı var idi. 18 gün sonra, 2015-ci ilin avqustunda uşaq vəfat etdi”.


Həkimlərin bağışlanmaz səhvi nəticəsində yeganə nəvəsini itirən E.Əliyev 2 saylı Kliniki Uşaq Xəstəxanası, Mərkəzi Klinika, Sevinc Abdullayevaya və Samirə Orucovaya qarşı "Şəxsin sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi” tələbi ilə məhkəmələrə müraciət edib. 


Ailə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında pasient müalicə aldığı müddətdə 3383 manat, Mərkəzi Klinikada isə 2351 manat xərcləyiblər. 

Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, cavabdeh 2 nömrəli Klinik Uşaq Xəstəxanasından maddi zərərin əvəzi kimi 1000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat, cavabdeh Mərkəzi Klinikadan maddi zərərin əvəzi kimi 1000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat alınaraq iddiaçılar Elman Əliyev və Solmaz Novruzovaya verilməsi haqda qərar çıxarılıb.


Bu qərarlardan və kəsiləncüzi maddi cərimədən narazı olan baba ümidini Avropa İnsan Haqları Məhkəməsinə bağlayıb. O, bu 2 həkimin həbsini və  işindən, azad olunmasını tələb edir. Qeyd edək ki, Elman Əliyevin sözlərinə görə bu həkimlər hələ də iş yerlərindədir və uşaqları qəbul edir.