Gözlərini tez-tez ovuşduranların nəzərinə! – Bu xəstəliyə tutulmaq ehtimalınız yüksəkdir

  • 2024.05.23 17:59
  • 645 Baxış
Gözlərini tez-tez ovuşduranların nəzərinə! –  Bu xəstəliyə tutulmaq ehtimalınız yüksəkdir
"Keratokonus" adlı göz xəstəliyi haqqında heç eşitmisinizmi? Bu, gözün ön hissəsindəki buynuz qişa adlanan şəffaf təbəqənin incəlməsi və qabağa doğru gəlməsi ilə xarakterizə olunan xəstəlikdir. Üstəlik, çox təhlükəlidir. Çünki görmə qabiliyyətini azalda bilər. Ekspertlər əsasən də gözlərini ovuşduranların təhlükə altında olduğunu bildirirlər.

Medicina.az xəbər verir ki, oftalmoloq Dos. Dr. Cafer Tanrıverdi bu qəribə xəstəliyin əlamətləri və səbəbləri barədə danışıb.

Həkim bildirib ki, keratokonus adətən hər iki gözdə müşahidə olunur, ancaq həmişə bir göz daha çox təsirlənir”.

Dr. Cafer Tanrıverdi bu xəstəliyin dəqiq səbəbinin bilinmədiyini, ancaq genetik meyl, allergik göz xəstəlikləri, bəzi toxuma xəstəlikləri və göz ovuşdurma kimi səbəblərlə meydana gələ bildiyini diqqətə çatdırıb.

“Bu xəstələrin görmə səviyyəsi xəstəliyin şiddətindən asılı olaraq zamanla tədricən azalır. Keratokonus adətən yeniyetməlik dövründə başlayır. Xəstəlik 40 yaşa qədər inkişaf edə bilər, daha gec yaşlarda xəstəliyin sürəti azalır və ya tamamilə dayanır”, - deyə həkim qeyd edib.

Onun sözlərinə görə, ailəsində keratokonus xəstəliyi olan şəxslər nəzarətdə saxlanılmalıdır.

Genetik meylin xaricində keratokonusa səbəb olduğu düşünülən ən əhəmiyyətli amilin göz ovuşdurması olduğunu vurğulayan Dr. Cafer Tanrıverdi bunları söyləyib:

“Demək olar ki, bütün keratokonus xəstələrinin ümumi xüsusiyyəti, bu xəstələrin gözlərini çox tez-tez ovuşdurmalarıdır. Gözlərini tez-tez ovuşduranların bir çoxunda keratokonus olmasa belə, buynuz qişasının forma dəyişiklikləri müşahidə olunur. Bu səbəbdən, xüsusən də genetik olaraq bu xəstəliyə meylli şəxslərdə göz ovuşdurmaq xəstəliyin başlanğıcında və irəliləməsində aktiv rol oynayır. Göz ovuşdurmaq vərdişi allergik göz xəstəliyi olan şəxslərdə, xüsusən də uşaqlıqda daha çox olduğu üçün bu xəstə qrupunda buynuz qişada nizamsızlıq və keratokonus da çox müşahidə olunur. Ona görə də bu xəstələrdəki allergiyanın müalicəsi də çox vacibdir”.

Həkim bütün xəstəliklərdə olduğu kimi keratokonusda da ən kritik məsələnin xəstəliyin erkən diaqnozu olduğunu bildirib:

“Xəstəliyin erkən diaqnozu və müalicəsi ilə görmə itkisinin qarşısını almaq olar. Bu, təfərrüatlı göz müayinəsi olmadan müəyyən edilə biləcək bir xəstəlik deyil. Əslində, bəzən erkən mərhələdə xəstəlik standart bir göz müayinəsi zamanı asanlıqla nəzərdən qaçırıla bilər. Yalnız həkim bu xəstəlikdən və buynuz qişanın topoqrafik görüntüsündən şübhələndikdə qəti diaqnoz qoya bilər”.

Doktor xəstəliyin digər əlamətlərini belə sıralayıb:

“Bu xəstələrin başqa bir xüsusiyyəti odur ki, onlar çox vaxt aldıqları eynək və kontakt linzalardan kifayət qədər məmnun olmurlar və tez-tez onları dəyişdirməyə ehtiyac duyurlar. Çünki keratokonus xəstələrində eynək və ya kontakt linzalarla düzəldilə bilməyən miopiya və nizamsız astiqmatizm olur. Bu xəstələrdə göz nömrələri xəstəliyin gedişindən asılı olaraq daim dəyişir. Bundan əlavə, buynuz qişa qeyri-müntəzəm olduğundan, görmə səviyyəsinin ölçülməsi çox vaxt qeyri-dəqiq olur və həkimlər və xəstələr müayinə zamanı düzgün göz nömrəsini aşkar etməkdə çətinlik çəkirlər”.

Oftalmoloq keratokonusda görülən buynuz qişa deformasiyasını indiki şəraitdə tam şəkildə düzəltməyin hələlik mümkün olmadığını deyib.

“Müalicənin əsas məqsədi xəstəliyin irəliləməsinin və görmə itkisinin qarşısını almaqdır. İkinci məqsəd itirilmiş görmə qabiliyyətini bərpa etməyə əsaslanır. Bu xəstələrdə itirilmiş görmə qabiliyyətini tam bərpa etmək mümkün olmasa da, müalicə imkanları və bu istiqamətdə təcrübənin artması ilə xəstələrin əhəmiyyətli bir hissəsində görmə səviyyəsinin artırılmasında uğurlu nəticələr əldə etmək mümkündür”, - deyə həkim vurğulayıb.


Aysel