İcbari tibbi sığorta üzrə 2025-ci ilin tibbi statistik göstəriciləri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə əhalinin 54 %-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb:
“Bu göstərici icbari tibbi sığorta sisteminə ictimai etimadın və marağın ildən-ilə artdığını nümayiş etdirir. Son illərin statistikası istifadə səviyyəsində artım müşahidə olunduğunu göstərir. Pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb. İcbari tibbi sığorta çərçivəsində 15,8 milyon müraciət qeydə alınıb”.
Z.Əliyev qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində göstərilən tibbi xidmətlərin sayı 44,6 milyon təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 9 %-ə yaxın artım deməkdir:
“Vətəndaşların icbari tibbi sığorta çərçivəsində ən çox üz tutduğu xidmətlər ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, eləcə də ginekoloji xidmətlərdir. Diaqnoz qrupları üzrə ən çox göstərilən xidmətlər əsasən xroniki və həyat keyfiyyətinə birbaşa təsir edən xəstəliklərlə bağlıdır. Ən çox yayılan xəstəliklər arasında qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləri ön sıralardadır”.
Ödəniş strukturuna dair məlumat verən Agentlik sədri qeyd edib ki, həm TƏBİB tabeli dövlət tibb müəssisələrində, həm də özəl tibb müəssisələrində aparıcı diaqnoz qrupları üzrə oxşar tendensiya müşahidə olunur:
“Belə ki, TƏBİB tabeli tibb müəssisələrində əsas maliyyə yükü qan dövranı, həzm və endokrin sistemi xəstəliklərinin payına düşür. Özəl tibb müəssisələrinə yönəldilən ödənişlərdə isə qan dövranı sistemi, göz və gözün əlavə aparatının xəstəlikləri və sümük-əzələ sisteminin xəstəlikləri üstünlük təşkil edir. İl ərzində dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlar sırasında ginekoloji əməliyyatlar, xüsusilə təbii doğuşlar birinci yerdə qərarlaşıb. Pasiyentlərin tez-tez müraciət etdiyi digər əməliyyat isə katarakta əməliyyatı olub. Katarakta əməliyyatlarına tələbatın yüksək olması səbəbindən dövlət tibb müəssisələri ilə yanaşı, Agentliklə müqaviləsi olan özəl tibb müəssisələri də prosesə cəlb edilir. Vətəndaşların vaxtında tibbi xidmət almasını təmin etmək məqsədilə bu istiqamətdə özəl tibb müəssisələrinə göndərişlər verilir.
Bildirilib ki, icbari tibbi sığortadan özəl tibb müəssisələrində istifadə də artmaqdadır. 2025-ci ildə özəl tibb müəssisələrində göstərilən tibbi xidmətlərin sayı 773 minə yaxın olub ki, bu da ötən illə müqayisədə təxminən 9 % artım deməkdir.
İl ərzində özəl tibb müəssisələrinə ümumilikdə 308 mindən çox göndəriş verilib. Bu göndərişlərin 85 %-i planlı, 15 %-i isə təcili xarakter daşıyıb. Planlı göndərişlərin ötən illə müqayisədə azalmasının əsas səbəbi radioloji xidmətlərin dövlət tibb müəssisələrində geniş şəkildə təmin olunmasıdır. Təcili göndərişlərdə isə əsas payı ürək-damar xəstəlikləri təşkil edib”.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev eyni zamanda qeyd edib ki, pilot layihə olaraq Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir:
“1 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub. Artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3.5 milyon nəfər əhalini əhatə edəcək. Paralel olaraq əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da xidmətlərin daha düzgün planlaşdırılmasına imkan verəcək. Kadr potensialının gücləndirilməsi istiqamətində Bərdədə 43 təlim modulu üzrə 60 ailə həkimi və 10 modul üzrə 250-dən çox tibb bacısı üçün təlimlər keçirilib.
Ümumilikdə ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi, 1168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur”.
Z.Əliyev Naxçıvanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialının yaradılması barədə də məlumat verib.
“Azərbaycanda icbari tibbi sığorta sisteminin vahid yanaşma əsasında tətbiqini təmin etmək məqsədilə mühüm institusional dəyişiklik həyata keçirilib. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan Muxtar Respublikasındakı filialı təsis olunub.
Filialın yaradılmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta sisteminin effektiv və dayanıqlı şəkildə tətbiqini təmin etmək, əhalinin keyfiyyətli və əlçatan tibbi xidmətlərə çıxışını genişləndirmək, eləcə də tibbi xidmətlərin maliyyələşdirilməsi mexanizmlərini daha da təkmilləşdirməkdir. Yeni struktur həm Agentliklə tibb müəssisələri arasında koordinasiyanı gücləndirəcək, həm də icbari tibbi sığorta haqlarının toplanması və Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə nəzarət mexanizmlərinin həyata keçirilməsində mühüm rol oynayacaq.
Filial həmçinin əhalinin icbari tibbi sığorta haqqında məlumatlandırılması, ilkin səhiyyə xidmətinə təhkimolunma prosesinə nəzarət, tibbi statistika və ekspertiza işlərinin təşkili kimi funksiyaları icra edəcək. Bununla yanaşı, regionda icbari tibbi sığorta ilə bağlı proseslərin elektronlaşdırılması və informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsinə də dəstək veriləcək.
Filialın fəaliyyəti Agentliyin ümumi idarəetmə çərçivəsində, mövcud qanunvericilik aktlarına uyğun şəkildə təşkil olunacaq”.