Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC / GLOBOCAN) ən son qlobal hesabatlarına əsasən, əhalinin adambaşına düşən onkoloji xəstəliklərə yoluxma (insident) dərəcəsinə görə dünyada lider olan on ölkə yüksək gəlirli və inkişaf etmiş dövlətlərdir. Bu ölkələrdə diaqnostika imkanlarının geniş olması, tibbi skrininq proqramlarının mükəmməlliyi və əhalinin yaşlanması (ömür uzunluğunun çox olması) xərçəng statistikalarının yüksək görünməsinin əsas səbəbləridir.
Medicina.az xəbər verir ki, 2024-cü ilə olan məlumata görə, dünyada 20,6 milyon yeni xərçəng xəstəsi qeydə alınıb. Son 5 il ərzində xərçəng diaqnozu qoyulmuş və həyatda olan insanların ümumi sayı isə təxminən 54,2 milyondur. Xərçəng səbəbindən hər il dünyada təxminən 9,7 milyon insan həyatını itirir.
Hər 100 000 nəfərə düşən ən yüksək xərçəngə yoluxma əmsalına görə, ilk onluqda qərarlaşan ölkələr aşağıdakılardır.
Bu sırada Avstraliya birincidir. Bu ölkədə hər 100 min nəfərə 462.5 xərçəng xəstəsi düşür. (ölkə xüsusilə dəri xərçəngi və melanoma üzrə dünyada birincidir).
Avstraliyadan sonra sırada qonşusu Yeni Zelandiya gəlir. Burada hər 100000-ə 427.3 xəstə düşür.
Avropa ölkələri arasında daha pis vəziyyət 374,7 göstərici ilə Danimarkada qeydə alınıb. ABŞ-də hər yüz minə 367.0, Norveçdə-357.9, Belçikada-345-350, İrlandiyada-340-348, Fransada-339-344, Niderlandda-335-340, Macarıstanda-330-338 arası xərçəng xəstəsi qeydə alınıb. Macarıstan həm də xərçəngdən ölüm faizinə görə dünyada ən ön sıradadır.
Azərbaycan isə sözügedən statistikada ön sıralarda yer almasa da, orta-aşağı qrupda qərarlaşıb.
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən tibb müəssisələrində rəsmi olaraq bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin ümumi sayı 73 875 nəfərdir (28 098-i kişi, 45 777-si isə qadın). İl ərzində ölkə üzrə xərçəng şişlərindən dünyasını dəyişənlərin sayı 9 681 nəfər olub.
Qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəlik süd vəzi xərçəngidir. Kişilər arasında və ümumi ölüm sayında isə ağciyər, traxeya/bronx və həzm sistemi xərçəngi üstünlük təşkil edir.
bakupost.az