İnsan sağlamlığı təkcə onun həyat tərzi ilə deyil, eyni zamanda genetik mirası ilə də sıx bağlıdır. Bəzi xəstəliklər var ki, onlar illər boyu eyni ailə daxilində təkrar-təkrar ortaya çıxır və sanki görünməz bir xətt kimi nəsildən-nəsilə ötürülür.
Bu xəstəliklərə genetik və ya irsi xəstəliklər deyilir və onların vaxtında aşkarlanması gələcək sağlamlıq risklərinin qarşısını almaqda mühüm rol oynayır.
Mediicna.az xəbər verir ki, gnetik xəstəliklər insanın DNT-sində (DNK) olan dəyişikliklər nəticəsində yaranır. Bu dəyişikliklər valideynlərdən uşaqlara ötürülə bilər və ya bəzən yeni mutasiya kimi ortaya çıxa bilər. Əgər ailədə müəyyən xəstəliklər təkrarlanırsa, bu artıq genetik meylin göstəricisi sayılır və diqqətli olmaq tələb olunur.
Ürək-damar xəstəlikləri – ən yayılmış irsi risk
Ürək-damar xəstəlikləri bir çox ailələrdə nəsildən-nəsilə keçən ən geniş yayılmış problemlərdən biridir. Əgər valideynlərdə və ya yaxın qohumlarda erkən yaşda infarkt, yüksək təzyiq və ya insult halları müşahidə olunubsa, bu risk növbəti nəsildə də yüksək olur. Belə hallarda damarların elastikliyi azalır, xolesterin daha tez yığılır və ürək daha tez “qocalır”.
Şəkərli diabet
Şəkərli diabet, xüsusilə 2-ci tip diabet, genetik meyllə sıx əlaqəlidir. Əgər ailədə diabet xəstələri varsa, bu o demək deyil ki, mütləq xəstəlik yaranacaq, lakin risk xeyli artır. Bu halda həyat tərzi – qidalanma, çəki və fiziki aktivlik – həlledici rol oynayır. Yəni genetik meyl olsa belə, düzgün yanaşma ilə xəstəliyin qarşısını almaq mümkündür.
Psixoloji və sinir sistemi xəstəlikləri- Şizofreniya
Depressiya, anksiyete (narahatlıq pozuntuları) və bəzi nevroloji xəstəliklər də ailə daxilində təkrarlana bilər. Bu, həm genetik faktorlarla, həm də eyni mühit və davranış modelləri ilə bağlıdır. Məsələn, ailədə uzunmüddətli stress və ya travmatik təcrübələr varsa, bu həm psixoloji, həm də bioloji səviyyədə növbəti nəsillərə təsir edə bilər.
Sümük və oynaq problemləri
Osteoporoz (sümük əriməsi) və bəzi oynaq xəstəlikləri də irsi meyllə əlaqəlidir. Xüsusilə qadınlarda menopauza dövründə bu risk daha da artır. Əgər ailədə sümük zəifliyi müşahidə olunubsa, erkən yaşlardan kalsium və D vitamini balansına diqqət yetirmək vacibdir.
Onkoloji xəstəliklər – genetik faktorun rolu
Bəzi xərçəng növləri, xüsusilə süd vəzi, yumurtalıq və bağırsaq xərçəngi genetik mutasiyalarla əlaqəli ola bilər. Əgər ailədə eyni tip xərçəng halları təkrarlanırsa, bu artıq siqnaldır və profilaktik müayinələrə daha erkən başlamaq lazımdır. Erkən diaqnoz həyat qurtaran faktorlardan biridir.
Genetik meyl insanın taleyi deyil, sadəcə xəbərdarlıqdır. Bu məlumatdan düzgün istifadə etmək mümkündür:
Müntəzəm tibbi yoxlanışlar aparmaq
Qidalanmanı balanslaşdırmaq
Fiziki aktivliyi artırmaq
Stressi idarə etmək
Zərərli vərdişlərdən uzaq durmaq
Bu addımlar genetik riskləri minimuma endirməyə kömək edir.
Aygün Musayeva