Qıcıqlanmış bağırsaq sindromu nədir?

  • 20 Sentyabr, 2019
  • 8291 Baxış
Qıcıqlanmış bağırsaq sindromu nədir?
Qıcıqlanmış bağırsaq sindromu termini  funksional bağırsaq pozğunluğu deməkdir.
Çoxsaylı tibbi və hərtərəfli müayinələr olsa da, fiziki səbəb çox vaxt aşkar edilmir. Buna baxmayaraq, bu tip pozuntulara göz yummaq olmaz, çünki onlar həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salırlar.

Hansı simptomlar yaranır?
Qıcıqlanmış bağırsaq sindromunun simptomları müxtəlifdir. Belə ki, meteorizm və qəbizlikdən başlayaraq diareyayadək, qarında ağırlıq və ya ağrı kimi fərqli hislər baş verir. Yorğunluq, halsızlıq, depressiya, nəhayət, baş ağrısı ya da qan dövranı pozğunluğu kimi digər simptomlar da qıcıqlanmış bağırsaq sindromu nəticəsində yaranır.
 
Qıcıqlanmış bağırsaq diaqnozu
Mövcud peşəkar tibbi assosiasiyaların tövsiyələrinə əsasən, böyüklərdə qıcıqlanmış bağırsaq sindromu aşağıdakı meyarlara riayət olunmaqla müşahidə olunur:
Həzm və boşalma prosesində dəyişikliklər üç aydan çox davam edir və xroniki bağırsaq pozğunluqlarına çevrilir;
Pozuntu o qədər şiddətlidir ki, xəstə tibbi məsləhətlərə ehtiyac duyur və həyat keyfiyyəti aşağı düşür;
Bu simptomların səbəb ola biləcəyi başqa kliniki göstərici yoxdur.
 
Qidalanma planı və yemək gündəliyi
Hər bir şəxsin həzm sistemi unikal olduğu üçün müalicə də fərdiləşdirilməlidir. Standart müalicə mövcud deyil, ancaq bir az səbir göstərərək, müəyyən ərzaqlardan imtina etməklə fərdi qidalanma planını hazırlaya bilərsiniz ki, bu da digər göstəricilərlə yanaşı, bağırsaqları sakitləşdirməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkdir. Qida gündəliyi vasitəsilə özünüzə kömək edin və qidalanma mütəxəssisindən sizi nəzarətdə saxlamağını xahiş edin.

Az FODMAP-lı və qlütensiz pəhriz
Simptomları yaradan və ya pisləşdirən qidaları müəyyənləşdirdikdən sonra, özünüzə kömək edə bilərsiniz. Bu problemi yaşayan bir çox insan üçün qlütensiz pəhriz ağrı, meteorizm və yorğunluğu aradan qaldırır, həmçinin defekasiya aktı ardıcıllığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Berlində "Charite” xəstəxanası tərəfindən aparılan son araşdırma göstərmişdir ki, qıcıqlanmış bağırsaqları olan xəstələrin üçdə biri qlütensiz pəhrizdən istifadə etdikdən sonra pozğunluq aradan qalxmışdır. Belə ki, bu xəstələrin patologiyası qlüten – buğda həssaslığı səbəbindən meydana gəlmişdir. Lakin çölyak xəstəliyi və apriori  buğdaya allergiya da nəzərə alınmalıdır.
Müalicə edən həkim və ya qidalanma üzrə mütəxəssisə müraciət edərək, FODMAP-ların (oliqosaxaridlər, disaxaridlər və qıcqıran monosaxaridlər, eləcə də poliollar) istifadəsinə məhdudiyyət qoyulmasını aydınlaşdırmaq lazımdır.
Qidalanmanın bu forması çox ümidverici nəticələr verir və bir neçə ildir ki, həkimlər az FODMAP-lı pəhrizi qıcıqlanmış bağırsaq sindromunun müalicəsində istifadə edirlər.